Y.V.Çəmənzəminli yaradıcılığı haqqında nələri bilirik....


Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. Yusif Vəzirin atası  Şuşa bəylərindən biri idi   . 
Yusif Vəzir ilk əvvəl Şuşada "Kar Xəlifə" ləqəbi ilə tanınan  məktəbdə oxuyur. Burada  təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oğlu Yusifi Ağdama aparır və onun təhsili ilə özü məşğul olur. Ona türk və fars dillərini öyrədir. Yusifin atası onun rusca öyrənməsini də istəyirdi. Ağdamda rus məktəbi olmadığı üçün Yusif Muradbəylidəki rus məktəbinə getməli olur. 1896-ci ildə Şuşaya qayıdır və imtahan verib Şuşa realnı məktəbinə daxil olur.
Yusif Vəzir hələ kiçik yaşlarında rəsm əsərləri çəkməklə məşğul olurdu. Əvvəlcə təbiət mənzərələri, sonralar isə ictimai-siyasi motivli karikaturalar çəkməyə başlamışdı.Yusifin tələbəlik illərinin sevinci uzun sürmür. Gözlənilmədən onun böyük qardaşı Əbülhəsən xəstələnir və 1904-cü ildə vəfat edir.  Bu hadisə dünyada haqq və ədalət olmasına inanan Yusifdə də ümidsizlik doğurur və onun uzun müddət dərsləri ilə məşğul ola bilməməsinə səbəb olur.
Bir müddət keçəndən sonra qardaşı Əbülhəsənin yaratdığı zəngin kitabxana Yusifə verilir. Yusif Vəzir kitabxanadakı rus və əcnəbi klassiklərin kitabları ilə yaxından tanış olandan sonra onda rəsm ilə bərabər ədəbiyyata da böyük maraq oyanır.                                                                                          
Yusif Vəzir Şuşa realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış "Jaloba" adlı ilk şeirini rusca yazmışdı. Yusif Vəzir rusca yazdığı bir neçə şeirini Şuşa realnı məktəbindəki rus dili müəllimi Klemiyə göstərir. Müəllim şeirləri gözdən keçirib ona Çexovu oxumağı məsləhət görür. Çexovun şirin və duzlu hekayələri Yusif Vəzirin çox xoşuna gəlir.
Yusif realnı məktəbdə oxuyan zaman əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adli, əl ilə yazılmış yumoristik və karikaturalı aylıq jurnal çıxarırdılar. Bu jurnalda verilən yazılar həcmcə kiçik olsa da, məzmunca diqqəti cəlb edirdi.   
 Atasının vəfatından sonra   ailə  19 yaşlı Yusifin himayəsində qalır.
Yusif ilk əvvəl Ağdamdakı əttar dükanının şeylərini və dükanın özünü satmaq üçün mart ayının birində Ağdama gedir. Bir neçə gün orada qaldıqdan sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedir. İki ay yatalaq xəstəliyindən yatıb, ağır böhranlar keçirir. Sonra Yusifin bibisi onun sağalacağına olan ümidini itirib Şuşaya göndərir. Xəstəlikdən zəif düşmüş Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısına qoyur. Ailə köməksiz qalır. Yusifin anasi Seyid Əziz xanım gecə-gündüz rahatlıq bilmədən onun həyatını xilas etmək üçün əlindən gələni edir. Ailənin ağır vəziyyətində Yusif hələ uşaq ikən Cənubi Azərbaycanın "Çəmənzəmin" adli kəndində aclıq nəticəsində oradan qaçıb, Şuşaya pənah gətirib, Yusifgilin həyətlərində sığınacaq tapmış Həsənxan, Nifti və Fərəc qardaşlarından basqa heç bir qohumları onlara kömək etmir. Yusifin atasi Məşədi Mirbabayev yurdları olmayan bu qardaşlara öz həyətində sığınacaq verib himayəsinə almışdı.
Yusif Vəzirin "Çəmənzəminli" təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmət və məhəbbətdən irəli gəlir.
 Şuşada yaranan erməni-müsəlman toqquşmaları nəticəsində azərbaycanlı tələbələr məktəblərini tərk etmək məcburiyyətində qalırlar. Yusif Vəzir də təhsilini davam etdirmək üçün Bakıya gedib realnı məktəbin altıncı sinfinə daxil olur. O, böyük səylə oxumaqla bərabər ictimai işlərlə də məşğul olur. Yusif Vəzir xalqın məişətini, onun adət və ənənələrini, həyat tərzini bilərək 1907-ci ildə "Şahqulunun xeyir işi" adlı hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə "Səda" qəzetində çap olunur.
Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə məcbur edir. Onlar Aşqabada köçməli olurlar. 1907-ci ilin yayında Yusif Vəzirov Aşqabada anasına baş çəkməyə getdiyi zaman orada Aşqabad Gimnaziyasının 3-cü sinif şagirdi Berta Maiseyeva ilə tanış olur. Bertanın "Əli və Nino" romanındakı Ninonun prototipi olduğu ehtimal edilə bilər. 
Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirib, təhsilini davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib sənədlərini Mülki Mühəndislər institutuna verir. Lakin riyaziyyata qələbə çalmayacağını hiss edib sənədlərini geri alır. Orada qaldığı vaxtdan istifadə edib məşhur "Cənnətin qəbzi" hekayəsini və Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur milli qəhramanı olan Şeyx Şamili yada salaraq ona şeir həsr edir. Bir aydan sonra Yusif Vəzir Peterburqdan Aşqabada qayıdır. O, Aşqabadda qaldığı müddətdə latıncanı öyrənməyə başlayır. Sonra isə Daşkəndə gedib altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında imtahan verib universitetə girmək hüququ qazanır.
Yusif Vəzir 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik dövründə də o vətənilə heç bir zaman əlaqəni kəsmir. Yusif Vəzir Bakıda nəşr olunan qəzetləri və jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən hadisələrlə yaxından tanış olurdu. Eyni zamanda öz yazılarını da Bakıda çıxan qəzetlərdə çap etdirirdi. Yusif Vəziri düşündürən əsas məsələlərdən biri də Azərbaycan dilində kitabların nəşri və yayılması olmuşdu. O, bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil etmişdi. Bu barədə Yusif Vəzir 1911-ci il iyun ayının 3-də "Səda" qəzetində çap etdirdiyi "Kiyevdə heyəti – nəşriyyat təşkili məqaləsində yazırdı... kitabçalar bir ədəbiyyata dair olmayıb, siyasi, tibbi, tarixi, iqtisadi məsələlərdən də bəhs edəcəkdir".

Yaradıcılığı




Yusif Vəzirin xalq nağıllarından götürülmüş uşaqlar üçün yazdığı məşhur "Məlik Məmməd" nağılı 1910-cu ildə Kiyevdə yazılmış və 1911-ci ildə kitabça şəklində nəşr olunmuşdur.  Yusif Vəzir 1912-ci ildə "Yeddi hekayə", 1913-cü ildə isə "Həyat səhifələri" adlı kitablarını Kiyevdə çap etdirir. Onların hər nüsxəsinin Qori müəllimlər seminariyasının müəllimi, görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərliyə göndərir. Firudin bəy kitabçaları aldıqdan sonra Qoridən Kiyevə göndərdiyi məktublarla Yusif Vəzir yaradıcılığına, onun mədəniyyət sahəsində xidmətlərinə yüksək qiymət verir.
Beləliklə, Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olmuşdu. O zaman o, dini məsələ, qadın məsələləri və uşaq tərbiyəsi ilə son dərəcə maraqlanırdı. Nəticədə "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları meydana çıxir .
1917-ci ildə  "Musavatın" Kiyev şöbəsini yaranır. Həmin şöbəyə başçılıq etmək üçün Yusif Vəzir sədr seçilir. Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir. Yenicə işə baslamış diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı Rusiya ictimaiyyətinə tanıtmaq idi. Ona görə də , Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarəti və iqtisadiyyatı haqqında çoxlu məqalələr yazıb mətbuatda çap etdirirlər. 
1918-ci ildə vətəndaş müharibəsi ilə əlaqədar Azərbaycanla rabitə kəsilir. Yusif Vəzir vətəndə baş verən hadisələrdən heç bir informasiya almadığı üçün tutduğu vəzifəsini müavininə tapşırıb Simferopola gedir. Orada bir neçə ay ləngidiyi üçün ədliyyə direktorluğunda məsləhətçi işləyir. Krımdakı "Millət" qəzetində "Azərbaycan və azərbaycanlılar" adlı məqaləsini çap etdirir və Litva tatarlarının tarixi ilə maraqlanaraq onların yaranması və vəziyyəti haqqında tədqiqat aparıb yazdığı "Litva tatarları" adlı kitabçasını 1919-cu ildə Simferopolda (Ağ məscid) çap etdirir.Yusif Vəzir Çəmənzəminlinin 1918-1920 illərdə Krımın Ağməscid (Simforopol) Şəhərində nəşr olunan "Millət" qəzetində dərc edilmiş 30 yaxın məqaləsi çap edilmişdir.
 Yusif Vəzir 1930-35-ci illərdə Azərbaycan Neft İnstitutunda işləyən zaman, həmin institutda çıxan "Əzizbəyov adına Azərbaycan qızıl Bayraqlı Neft İnstitutunun əxbari" jurnalında "Neft və onun tarixi" adlı məqaləsi ilə bərabər bir çox məqalələr yazıb çap etdirmişdir. Yusif Vəzir bir çox hekayələrini "Maarif və mədəniyyət" jurnalında və başqa mətbuat orqanlarında çap etdirir. Sonralar isə "Qızlar bulağı", "Studentlər", "1917-ci il" adlı romanlarını çap etdirir. 1935-ci ildə "Həzrəti-Şəhriyar" adlı komik pyesini bitirir. Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalan "Həzrəti-Şəhriyar" komediyası, nəhayət, ilk dəfə 1980-ci ildən incəsənət toplusu "Qobustan" jurnalının 4-cü nömrəsində çap olundu. Dünyada geniş tanınmış və bestsellerə çevrilmiş "Əli və Nino"nun [1]Yusif Vəzir Çəmənzəminlinin qələmindən çıxdığını iddia edən ədəbiyyatşünaslar var.
Yusif Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdi. O, kino-ssenarilərin tərcüməsi işində də fəal iştirak etmişdi. Azərbaycan dilində ilk səsli film olan məşhur "Çapayev" filminin ssenarisini də Azərbaycan dilinə 1936-cı ildə Y.V.Çəmənzəminli tərcümə etmişdi. Yusif Vəzir 1937-ci ilin aprel ayında tamamladığı "İki od arasında" adlı tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi. Öz sağlığında nəşr etdirmək qismət olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1964-cı ildə "Azərbaycan" jurnalında müəyyən ixtisarla "Qan içində" adı ilə çapdan çıxmışdı. Yusif Vəzir Yazıçılar İttifaqından çıxarılmazdan 3-4 ay əvvəl yazdığı "Altunsaç" adlı kinossenarisini də "Azərfilmə" vermişdi. Geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq "Azərfilmin" direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi, "Studentlər" romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm. Yusif Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus dilindən tərcümə etmişdi
.Bütün bunları araşdıraraq bildik ki. Y.V.Çəmənzəminli Azərbaycan  ədəbiyyatında xüsusi yeri və qiyməti olan bir yazıçıdır.

Hiç yorum yok:

Yorum Gönder